Azərbaycan Respublikasında əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq yaradılmışdır.
Azərbaycan Respublikasında ipoteka kreditlərinin maliyyələşdirilməsi mexanizmini yaratmaq məqsədilə 22 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamə təsdiq edilmişdir.
Azərbaycan İpoteka Fondu dövlət təsisatıdır, hüquqi şəxsdir.
Azərbaycan İpoteka Fondu əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur. Əhaliyə ipoteka kreditlərinin verilməsi AMB tərəfindən seçilmiş müvəkkil kredit təşkilatları tərəfindən həyata keçirilir.
Azərbaycan İpoteka Fondunu əsas funksiyaları aşağıdakılardır:
- Müvəkkil kredit təşkilatları tərəfindən verilmiş ipoteka kreditlərini yenidən maliyyələşdirir;
- Yenidən maliyyələşdirilən ipoteka kreditlərinə dair tələbləri müəyyən edir;
- Maliyyə vəsaitlərinin cəlb olunması məqsədilə ipoteka ilə təmin olunmuş qiymətli kağızlar emissiya edir;
- Öz fəaliyyətinin sabitliyini və likvidliyini təmin etmək üçün maliyyə risklərini idarə edir;
- İpoteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması və Fonda ucuz maliyyə resurslarının cəlb olunması məqsədilə öz səlahiyyətləri daxilində tədbirlər görür.






