-
Annuitet ödənişlər – ipoteka borcunun (kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin) ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlər. Bu ödənişlər aylar üzrə elə hesablanaraq bölüşdürülməlidir ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun.
-
Borcalan – MKT tərəfindən ipoteka krediti verilmiş fiziki şəxs.
-
Birgə borcalan – ipoteka kreditini vermiş MKT qarşısında borcalanla birlikdə borcalanın öhdəliklərinin tam icrasına cavabdeh olan şəxs. Birgə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz.
-
Dəbbə pulu – kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə borcalanın (birgə borcalanın) MKT-na ödəməli olduğu pul məbləği.
-
İpoteka kağızı – ipoteka hüququnu təsbit edən adlı qiymətli kağızdır.
-
İpoteka krediti – MKT tərəfindən borcalana yaşayış sahəsinin alınması üçün məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq şərtləri ilə verilmiş pul.
-
İpoteka müqaviləsi – ipotekasaxlayan (ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditor) və ipotekaqoyan (borcalan,birgə borcalanlar) arasında yazılı şəkildə bağlanılan müqavilədir.
-
İpoteka kreditinin təminatı (ipoteka predmeti) – ipoteka krediti hesabına alınmış və ya borclana, yaxud üçüncü şəxsə məxsus daşınmaz əmlakın ipotekası. İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola bilər.
-
İlkin ödəniş - yaşayış sahəsinin alınmasına yönəldilən borcalanın (birgə borcalanın) şəxsi vəsaiti. İlkin ödəniş ipoteka krediti hesabına alınan yaşayış sahəsinin dəyəri ilə ipoteka kreditinin həcmi arasında olan fərqə bərabərdir.
-
Kreditin anderraytinqi – borcalanın (birgə borcalanın) ipoteka kreditini qaytarmaq qabiliyyətinin, habelə ipoteka qoyulan əmlakın dəyərinin və vəziyyətinin qiymətləndirilməsi prosesi.
-
Kredit dosyesi(kredit tarixçəsi) – müvəkkil kredit təşkilatı tərəfindən formalaşdırılan və ipoteka kreditinə, o cümlədən borcalanın kredit üzrə öhdəliklərinin icrasına dair məlumatları əks etdirən sənədlər toplusudur.
-
Kredit müqaviləsi – MKT və borcalan (birgə borcalan) arasında yazılı şəkildə bağlanılan müqavilə. Həmin müqaviləyə uyğun olaraq MKT borcalana (birgə borcalana) ipoteka ilə təmin olunması şərti ilə yaşayış sahəsinin alınması üçün pul vəsaitlərini (ipoteka kreditini) təqdim etməli, borcalan (birgə borcalan) isə aldığı pul vəsaitini və ona hesablanmış faizləri MKT-na ödəməlidir.
-
Kreditə xidmət – AİF-ə məxsus olan ipoteka kreditləri üzrə borcalanın (birgə borcalanın) ödənişlərinin qəbul edilməsi və AİF-in hesabına köçürülməsi, ipoteka predmetinin vəziyyətinin yoxlanılması və ipoteka kreditlərinə xidmət göstərilməsi sahəsində MKT tərəfindən Xidmət müqaviləsinə uyğun olaraq həyata keçirilən kompleks tədbirlər.
-
Müvəkkil kredit təşkilatı – Azərbaycan Respublikasının Milli Bankı tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və AİF ilə Baş saziş imzalamış bank və ya bank olmayan kredit təşkilatıdır.
-
Yaşayış sahəsi – qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət hüququ rəsmiləşdirilmiş fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzil.
-
Yaşayış sahəsinin alqı-satqısı müqaviləsi – yaşayış sahəsinin mülkiyyətçisi (satıcı) və borcalan (alıcı) arasında yazılı şəkildə bağlanılan əqddir. Həmin əqdə uyğun olaraq satıcı yaşayış sahəsini alıcının mülkiyyətinə verməli, alıcı isə bu yaşayış sahəsini mülkiyyətinə qəbul etməli və yaşayış sahəsinin müqavilədə göstərilmiş qiymətini şəxsi və cəlb olunmuş vəsaitlər hesabına satıcıya ödəməlidir.
-
Yenidən maliyyələşdirmə – MKT tərəfindən verilmiş ipoteka kreditləri üzrə tələb hüquqlarının AİF tərəfindən alınması.